Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Smit arasında görüş keçirilib.

Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə daha sonra Azərbaycan ilə Latviya arasında qida məhsullarının dövriyyəsi sahəsində əlaqələrin genişləndirilməsi və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində iki qurum arasında əməkdaşlıq müzakirə olunub. Latviyada fəaliyyət göstərən və ölkəmizə yüksək riskli məhsul ixrac edən müəssisələrin təsdiqi sahəsindəki vəziyyət və ölkələrimiz arasında qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin tanınması nəzərdən keçirilib. Azərbaycanla Latviya arasında qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların idxal-ixrac əməliyyatlarına diqqət yetirilib. Həmçinin qida təhlükəsizliyi sahəsində beynəlxalq layihələrdə birgə iştirakın genişləndirilməsi, eləcə də ekspertlər üçün təcrübə mübadiləsi və təlim imkanları ətrafında fikir mübadiləsi aparılıb. Regionda epizootik vəziyyətin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, eyni zamanda iki ölkənin səlahiyyətli qurumlarının beynəlxalq aləmdə tanınmasının artırılması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlər müzakirə edilib. Eləcə də ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracının genişləndirilməsi və “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin akkreditasiya prosesi ilə bağlı Latviyanın beynəlxalq təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb. 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.